Bütün bunlardan çıxış edərək birmənalı söyləmək olar ki, Bayden tərəfindən dünən 1915-ci il hadisələrinin əsassız olaraq “erməni genosidinin başlanması kimi” təqdim edilməsi, məncə Amerika dövlətinin demokratlar partiyası vasitəsilə Türkiyə hökumətinin Suriyadakı son illərdə müstəqil hərəkətlərini, Rusiya ilə birlikdə həyata keçirdiyi “Cənub axını" qaz layihəsini və “S-400 zenit-raket komplekslərinin alınması” məsələsini R. T. Ərdoğan iqtidarına bağışlamayacağına işarədir.

Görünür, ABŞ hökuməti bu yolla hazırda dünyada müstəqil geosiyasi mövqe nümayiş etdirən, öz milli maraqları çərçivəsində hərəkət edən Türkiyə hakimiyyətini qorxutmaq istəyir. Çox təəssüf! Belə addımla Türkiyəyə yönəlik heç bir effektli nəticə əldə oluna bilməz! Bu siyasi gediş səhvdir və nəticə olaraq, Avrasiya bölgəsindəki bəzi xalqlar arasında, xüsusən də türklər və ermənilər arasında mövcud qarşıdurmanı, düşmənçiliyi və dövlətlərarası konfrantasiyanı bir qədər də gücləndirəcəkdir! Çünki, Türkiyənin Lideri cənab R.T.Ərdoğanın söylədiyi kimi: “türklər boynunda əsarət zənciri gəzdirəcək millət deyil”!