Məlum olduğu kimi, SSRİ-nin dağılmasından sonra Xəzər dənizimdəki milli sektorların sərhədlərinin müəyyən edilməsi ilə bağlı rəsmi Bakı ilə Aşqabad arasında ciddi fikir ayrılığı yaranmışdı ki, bu da onlar arasındakı ikitərəfli münasibətləri xeyli zəiflətmişdi. Əsas səbəb isə, Azərbaycan neftçilərinin dənizdə kəşf etdiyi neft-qaz yatağının mənsubiyyəti ilə bağlı idi. Azərbaycanlılar uzun müddət mövcud yatağı “Kəpəz” adlandıraraq Azərbaycana, qarşı tərəfsə 1992-ci ildən başlayaraq yatağa “Sərdar” adı verərək Türkmənistana məxsus olduğunu, Xəzərin türkmənlərə aid olan sektorunda yerləşdiyini israr edirdilər.
Beləliklə, iki dövlət arasında “sektorların sərhəddi və yataq mübahisəsi” adlı problem 30 ilə yaxın bir müddət idi ki, davam edirdi.
İki dost, qonşu və türkdilli ölkə arasında yaranmış “sektor sərhəddi və yataq mənsubiyyəti” mübahisəsi Xəzərin statusu ilə bağlı region ölkələri arasında keçirilən bütün sammitlərdə ciddi mübahisə doğuraraq, rəsmi Bakı ilə Aşqabad arasındakı tərəfdaşlıq əlaqələrini zəiflədirdi. Elə bu problemə görə də, Azərbaycan Rusiya və Qazaxıstan arasında Xəzərin sektor bölgüsü ilə bağlı razılaşdırılmış və imzalanmış ikitərəfli müqvilələri Aşqabad narazılıqla qarşılamışdı. Xəzərin hüquqi statusu müəyyənləşərkən də postsovet dövlətləri içərisində yalnız Azərbaycanla Türkmənistan öz aralarında bu istiqamətdə ümumi razılığa gələ bilməmişdilər.
Xəzəryanı ölkələrin 2018 -ci il avqust ayının 12-də Astana sammitində Xəzərin hüquqi statusu haqqında Birgə Konvensiya imzalanandan sonrakı dövtdə, bir neçə il idi ki, SOKAR rəsmiləri ilə Türkmənistanın aidiyyatı dövlət təşkilatları arasında Xəzər dənizində neft-qaz istehsalı sahəsində birgə iş haqqında müəyyən danışıqlar aparılırdı. Onlar Aşqabaddakı partnyorları ilə Xəzərdəki mübahisəli yatağın birgə istismar edilməsi məsələsini bəlli bir səviyyəyə qədər razılaşdıraraq, rəsmi dövlətlərarası müqavilə səviyyəsinə qaldıra bildilər. Budur, bu gün- 21 yanvar 2021-ci ildə Aşqabadda iki dövlətin Xarici İşlər nazirləri arasında bu haqda Birgə Memorandum imzalandı.
Əksər siyasətşünaslar bu sənədi Xəzər hövzəsi ölkələri arasında son 30 illik tarix çərçivəsində imzalanan ən mühüm dövlətlərarası memorandum kimi qiymətləndirirlər.
Birgə işlənəcək yatağa “Dostluq” adının verilməsi də iki ölkənin gələcək münasibətlərində çox önəmli bir yaxınlaşma və xoş perspektivlərdən xəbər verir.
Mümorandumdan da görümdüyü kimi, hər iki dövlət mövcud yatağı birgə işləyəcək, birgə istismar edəcək və gəriləri bərabər bölüşəcəklər. Sənəddə həm də yataqdan hasil ediləcək neft və qazın Azərbaycanın mövcud nəqliyyat-loqistik imkanlarından istifadə edərək, Türkiyəyə və Qərb bazarlarına çıxarılması nəzərdə tutulur.
“Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”. Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və istismarına dair Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş videokonfransdakı çıxışında söyləyib. “Əminəm ki, ölkələrimiz arasında hər səviyyədə, ilk növbədə, prezidentlər səviyyəsində yaxından siyasi əməkdaşlıq olmasa, bugünkü sənəd imzalana bilməzdi,” - deyə, Azərbaycan Prezidenti çıxışında vurğulayıb.